Növbəti köç karvanı Qarabağa çatıb | YENİLƏNİB

Növbəti köç karvanı Qarabağa çatıb |  YENİLƏNİB
  26 Dekabr 2025    Oxunub:1273
Dekabrın 26-da Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç prosesi baş tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata əsasən, bu mərhələdə kəndə 48 nəfərdən ibarət 11 ailə köçürülüb. Köç edən ailələr bu gün yeni mənzillərinə yerləşdirilib. Mənzillərin açarlarının təqdimatı zamanı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Xasay Cahangirov, sakinlərə Seyidbəyli kəndində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, kənddə müasir tələblərə cavab verən fərdi yaşayış evləri bərpa olunub, qaz, elektrik və su xətləri tam yenilənib, eyni zamanda digər sosial infrastruktur obyektləri yenidən qurulub.

Xocalı rayonunun Seyidbəyli kəndi 1992-ci ildən 2020-ci ilədək Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.19–20 sentyabr 2023-cü il tarixində keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Seyidbəyli kəndi işğaldan azad edilib.

* * *

12:12
Böyük Qayıdış prosesi çərçivəsində Ağdam rayonunun Xıdırlı kəndinə, Xocavəndin Hadrut qəsəbəsinə və Xocalının Seyidbəyli kəndinə sakinlərin növbəti köç karvanları yola salınıb.
AzVision.az xəbər verir ki, bu mərhələdə Xıdırlıya 64 ailə (278 nəfər), Hadruta 13 ailə (51 nəfər), Seyidbəyliyə isə 11 ailə (48 nəfər) göndərilib.

Doğma yurdlarına qayıdan ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

AzVision.az


Teqlər: Böyük-Qayıdış  



Xəbər lenti